AMEA ilə BP şirkəti arasında əməkdaşlığa dair protokol imzalanıb
21.12.2016

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində akademiya ilə Böyük Britaniyanın “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkəti arasında görüş keçirilib.

AMEA-dan bildiriblər ki, görüşdə “Azərbaycanda elm və innovasiyaların tətbiqi sahəsinin inkişafı üzrə fəaliyyətlər” layihəsi çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər müzakirə olunan istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə alaraq, AMEA tərəfindən elmin ayrı-ayrı sahələrində əldə edilmiş nailiyyətlərin və innovativ yeniliklərin BP-nin operatoru olduğu layihənin həyata keçirildiyi ərazilərdə tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi barədə razılığa gəliblər.

Qurumlar texnologiyaların transferi və innovativ layihələrin aqrar sektor istiqamətində inkişafı barədə əməkdaşlıq edəcək, qabaqcıl texnologiya və metodların inkişafı və təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar. Əməkdaşlığın daha səmərəli və intensiv olması üçün zəruri əlaqələndirmə AMEA-nın və BP-nin müvafiq təşkilatları tərəfindən həyata keçiriləcək.

Bununla əlaqədar AMEA-nın prezidenti, akademik Akif Əlizadə və BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrell müvafiq sənəd imzalayıblar.

azertag.az