“Multikulturalizm: meyillər və reallıqlar” kitabının təqdimatı olub
21.12.2016

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə təşkilatçılığı ilə keçirilən “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar çərçivəsində “Multikulturalizm: reallıqlar və meyillər” kitabının təqdimatı olub.

Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski və AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilən tədbirdə kitabın Ədəbiyyat İnstitutu və Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) Stavropol filialı tərəfindən birgə hazırlandığı bildirilib.

Kitabın məziyyətindən danışan akademik İ.Həbibbəyli qeyd edib ki, bu nəşrdə ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən olan baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Bu, AMEA ilə MDPU-nun Stavropol filialı arasında əməkdaşlıq çərçivəsində hazırlanan dördüncü kitabdır. Rəhbərlik etdiyi elm müəssisəsinin beynəlxalq əlaqələrinə toxunan İ.Həbibbəylı diqqətə çatdırıb ki, seminar çərçivəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu və Belarus Milli Elmlər Akademiyasının Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Tədqiqatlar Mərkəzinin “Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu”nun filialı arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Bu sənədlər AMEA ilə müvafiq elmi qurumlar arasında əlaqələrin inkişafında yeni mərhələ açacaq, əməkdaşlığı daha da genişləndirəcək.

Akademik bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin respublikamızda “Multikulturalizm ili” elan edilməsi bu sahədə böyük canlanma yaradıb. “Multikulturalizm ili” çərçivəsində AMEA tərəfindən davamlı olaraq Bakıda və bölgələrimizdə tolerantlıq və multikulturalizmlə bağlı beynəlxalq konfranslar, seminarlar, “dəyirmi masa”lar təşkil olunub. Azərbaycanın tarix boyu beynəlmiləl dövlət olduğunu vurğulayan İ.Həbibbəyli qeyd edib ki, uzun illərdir ölkəmizdə müxtəlif millətlərə mənsub insanların birgəyaşayış şəraitində tolerant həyat tərzi mövcuddur. Azərbaycanda hər zaman azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adətlərinə hörmətlə yanaşılır.

MDPU Stavropol filialı direktorunun müavini Liliya Qriqorova bildirib ki, 2014-cü ildə AMEA ilə bu filial arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmin sənəd iki qurum arasında əlaqələrin daha da genişlənməsinə sanballı töhfələrini verir.

Sonra AMEA ilə MDPU-nun Stavropol filialı arasındakı əməkdaşlığa dair videoçarx nümayiş olunub.

Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere, Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani və digər çıxış edənlər nəşrin əhəmiyyətini yüksək qiymətləndiriblər. Ölkələrarası elmi əməkdaşlığın önəmini qeyd edən natiqlər bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

azertag.az