Bolqarıstanın nüfuzlu “Standart” qəzetinin təşəbbüsü ilə irəli sürülmüş “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində bu ölkənin Milli Tarix Muzeyində rəsmi mükafatlandırma mərasimi təşkil olunub.
Mərasimdə Bolqarıstan Xalq Məclisində təmsil olunan partiyaların fraksiya rəhbərləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, Bolqarıstan Pravoslav Kilsəsinin yüksək vəzifəli şəxsləri, Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Sosialist Partiyasının lideri Korneliya Ninova, həmçinin biznes nümayəndələri iştirak ediblər. Altı il davam edən “Bolqarıstan möcüzələri” kampaniyasının məqsədi bu ölkənin mədəni-tarixi irsinin qorunması və təbliği, həmçinin alimlər və mütəxəssislərlə birgə yeni mədəni turizm marşrutlarının inkişafıdır. Bolqarıstanda bu sahədə ən böyük milli kampaniya olan “Bolqarıstan möcüzələri” layihəsi çərçivəsində bu ölkənin mədəni və tarixi irsinin təşviqi məqsədilə, həmçinin ədəbiyyat, səyahət bələdçiləri nəşr olunur. Kampaniya, həmçinin turizm sənayesinin inkişafı naminə təsirli layihələrin irəli sürülməsi məqsədilə bolqar biznes dairələrini təşviq edir. Kampaniya çərçivəsində hər il ümummilli səsvermə keçirilir və səsvermədə iştirak edən bolqar xalqı daha çox qürur duyduqları Bolqarıstan “möcüzə”lərini müəyyən edir.
“Standart” qəzetinin təşkil etdiyi mükafatlandırma gecəsində “Görməli yerlər”, “Kəşf”, “Dəfinə”, “Muzey”, “Mesenat” kateqoriyalarında mükafatlar və təltiflər təqdim olunub. Tədbirdə Azərbaycana “2016-cı ilin mesenatı” kateqoriyasında fəxri fərman verilib. Fəxri fərman Bolqarıstanın mədəniyyət nazirinin müavini, məşhur arxeoloq xanım Boni Petrunova tərəfindən Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanovaya təqdim edilib.
Çıxışında nazir müavini Veliko Tırnovo şəhərində yerləşən, Bolqarıstan və onun dövlətçiliyi üçün xüsusi əhəmiyyət kəsb edən “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına verdiyi dəyərli töhfəyə görə Azərbaycan tərəfinə bolqar xalqı adından və şəxsən öz adından dərin minnətdarlığını ifadə edib. Səfir N.Qurbanova Azərbaycana bu kateqoriyada təltifnamə təqdim edilməsinə, eləcə də bolqar xalqının ölkəmizə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib və Azərbaycan tərəfinin orta əsr Bolqarıstan memarlığının incisi olan “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına yardım etdiyinə görə fəxr etdiyini söyləyib.
Qeyd edək ki, mərasim Bolqarıstanın aparıcı televiziya kanallarından olan “Kanal 3”-də canlı olaraq yayımlanıb və KİV-lərdə işıqlandırılıb.
azertag.az