Görkəmli hüquqşünas alim Əziz Əsədovun 100 illik yubileyi qeyd olunub
22.12.2016

Bakı Dövlət Universitetində (BDU) görkəmli hüquqşünas alim, hüquq elmləri doktoru, professor Əziz Əsədovun 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan Respublikasında mülki hüquq elminin formalaşması və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor Ə.Əsədovun səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirilib ki, fəaliyyəti uzun illər Bakı Dövlət Universiteti ilə bağlı olan Ə.Əsədov baş müəllimlikdən kafedra müdiri vəzifəsinədək yüksəlib. Görkəmli alimin elmi əsərlərinin əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, bu gün də mütəxəssis və tələbələr onun monoqrafiya, dərslik və dərs vəsaitlərindən bəhrələnirlər.

BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev görkəmli hüquqşünas alim Ə.Əsədovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Qeyd olunub ki, 1949-1950-ci illərdə mülki hüquq kafedrasında baş müəllim işləyən Ə.Əsədov sonrakı illərdə bir müddət həmin kafedranın müdiri vəzifəsində çalışıb. Daha sonra fəaliyyətini professor kimi davam etdirib.

Ə.Əliyev alimin hüquq elminin və təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb.

Hüquq fakültəsinin kafedra müdiri, professor Firudin Səməndərov və digər çıxış edənlər professor Ə.Əsədovun elmi yaradıcılığı ilə bağlı fikirlərini bildirib, xatirələrini bölüşüb, onun nüfuzlu alim, qayğıkeş müəllim, xeyirxah və nəcib insan olduğunu söyləyiblər.

Sonra bölmə iclaslarında məruzələr dinlənilib, müzakirələr aparılıb.

azertag.az