“Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib
23.12.2016

Bakıdakı Fransız Mədəniyyət Mərkəzində (FMM) Aliyə Məstəliyevanın tərcüməsində Xalq Şairi Vaqif Səmədoğlunun seçilmiş şeirlərinin fransız və Azərbaycan dillərində “Mütərcim” nəşriyyatında çap olunmuş “Bir gün təbəssüm olmuşdum” (“Un jour, jaı ete sourıre”) kitabının təqdimatı keçirilib.

Tədbirdə A.Məstəliyeva XX əsr Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin ən görkəmli nümayəndələrindən biri, şair, dramaturq, nasir Vaqif Səmədoğlunun yaradıcılığından söhbət açıb. Bildirib ki, onun şeirləri atası, böyük Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından tamamilə fərqlənir. O da öz şeirlərində təbiətin gözəlliyini, məhəbbəti vəsf edir, Vətənin bu günü, gələcəyi üçün narahatlıq keçirir, dərdi ürəyində yaşada-yaşada, şam kimi əriyirdi. Amma o, bunu Azərbaycan klassik şeiri tərzində deyil, sadə ifadələrlə, orijinal, yeni deyim tərzi ilə təqdim edirdi.

Natiq bildirib ki, kitabdakı şeirləri fransız dilinə tərcümə etməkdə məqsədi fransızdilli oxucunu bu böyük şairin yaradıcılığı ilə tanış etməkdir.

Tədbirdə “AYTAM” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şairə-publisist Zərəngiz Qayalı, gənc yazıçı Ülviyyə Heydərova və başqaları şairin səmimiyyəti, bəşəri ideyaları, oxucusunu hər an gözlənilməz “tapıntıları” ilə sevindirdiyini söyləyiblər. Onu müasirlərinin vaxtilə dedikləri kimi “XXI əsrin şairi” adlandırıblar.

Bakıdakı Fransız İnstitutunun tələbələrinin ifasında şairin fransız və ana dilimizdə şeirləri səsləndirilib.

Sonda kitabın tərtibçisi, S.Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova toplunun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlandığını söyləyib. Şairin ailəsi adından kitabın naşiri Səlim Babullaoğluna, tərcüməçi A.Məstəliyevaya, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

azertag.az