Dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq Artisti, tanınmış tarzən, professor Zamiq Əliyevin yaradıcılığına həsr olunmuş “Ömür təranələri” adlı tədbir təşkil olunub.
“Mədəniyyət” kanalı ilə Mahnı Teatrının birgə təşkil etdiyi tədbirə sənətkarın ömür yolundan, Azərbaycan musiqisinin, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətindəki xidmətlərindən bəhs edən videomaterialın təqdimatı ilə başlanılıb.
Tədbirin aparıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar Artist Azad Şükürov Zamiq Əliyevin sənət dünyasından söz açıb.
Bildirilib ki, Zamiq Əliyev 1950-ci il mayın 25-də Bakıda anadan olub. O, 1965-ci ildə “Bakı festivalı” adlı mahnı müsabiqəsində ifa etdiyi “Bayatı-Şiraz” muğamına görə qızıl medala layiq görülərək ilk uğura imza atıb. Sənətkar Sara Qədimova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, İslam Rzayev, Yaqub Məmmədov kimi korifey sənətkarları tarda müşayiət edərək onların sənət dünyasından bəhrələnib. Əməkdar İncəsənət Xadimi, pianoçu-bəstəkar Gülarə Əliyevanın “Dan ulduzu” instrumental ansamblında solo tarzən kimi çıxış edən Zamiq Əliyev ilk xarici səfərlərini də məhz bu ansambl ilə gerçəkləşdirib. O, Azərbaycanı əcnəbi ölkələrdə təmsil etməklə milli musiqimizi təbliğ edib. 1978-ci ildə isə gənc tarzənə dünya şöhrətli sənətkar Zeynəb Хanlarova öz ansamblında konsertmeysterliyi həvalə edib. 20 il Xalq Artisti ilə birgə dünyanı gəzib, musiqimizi xaricdə təbliğ edib. Z.Хanlarovanın rəhbərlik etdiyi ansambldan ayrılandan sonra Ağaхan Abdullayev, Ədalət Vəzirovla birlikdə “Zülfü Adıgözəlov” adına muğam üçlüyü yaradaraq ABŞ, Kanada, İran, Fransa, Belçika, Hollandiya və digər xarici ölkələrdə Azərbaycan muğamlarını əcnəbi tamaşaçılara çatdıraraq sənəti ilə muğamlarımızın əvəzolunmazlığını, onun təsir gücünü, möhtəşəmliyini təbliğ edib, bu sahədə maarifləndirmə işi aparıb.
Diqqətə çatdırılıb ki, Zamiq Əliyev 1998-ci ildən Mədəniyyət və İncəsənət Universiteti dərs deyir, gənc tarzənlər yetişdirir. O, pedaqoq kimi elmi məqalələri, metodiki tövsiyələri ilə öz təcrübələrini tələbələri ilə bölüşən sənətkarlardandır. O cümlədən Z.Əliyev aparıcısı-redaktor kimi də təmənnasız milli-mənəvi dəyərlərimizin efirdə təbliğinə töhfələr verib. Hər zaman Azərbaycanın mədəni həyatının inkişafı üçün yorulmaz fəaliyyət göstərən tarzənin sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə akademik Vasim Məmmədəliyev Zamiq Əliyevi çoxşaxəli yaradıcılığa malik istedadlı sənətkar kimi dəyərləndirib. Onun çox nüfuzlu musiqi kollektivlərində çalışdığını, həm də bir bəstəkar kimi də sevildiyini, tanındığını söyləyib. Vurğulayıb ki, Z.Əliyevin bəstələdiyi mahnılar hər bir dinləyicinin ürəyinə asanlıqla yol tapır.
Gecədə Zamiq Əliyevin Xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, tanınmış şair Tağı Sadiqin və digərlərinin şeirlərinə bəstələdiyi “Qal sənə qurban”, “Yar bu gecə”, “İlham alıram”, “Olaydı”, “Qısqanıram”, “Ceyranım”, “Gözləməsin”, “Vurulmuşam”, “Dilin dediyini ürəyin demir” və başqa mahnıları tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
Hər zaman ürəyi yazıb-yaratmaq eşqi ilə döyünən sənətkarın bəstələri sevilə-sevilə dinlənilib.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Zamiq Əliyev bundan sonra da Azərbaycan musiqisinin təbliği, inkişafı, gənc tarzənlərin yetişməsi istiqamətində əzmlə çalışacağını söyləyib.
azertag.az