Nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edilib. Moskvanın “Şaqal” klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub.
Laureatlar arasında Azərbaycan yazıçısı Varis Yolçuyev də var.
Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili “Ədəbiyyat ili” elan etməsi şərəfinə, paytaxt rəhbərliyinin təşəbbüsü ilə Rusiya Yazıçılar Birliyi, “Rossiyskiy kolokol” ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) qurumu tərəfindən təsis edilib.
Mükafat komissiyasının yaydığı rəsmi məlumata görə, bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub ki, onlardan da ən yaxşıları “Fantastika”, “Fəlsəfi ədəbiyyat”, “Ruhani ədəbiyyat”, “Vətənpərvərlik ədəbiyyatı” və “Uşaq ədəbiyyatı” kimi 5 nominasiyada öncə uzun, sonra qısa siyahılara düşüb, final mərhələsinə vəsiqə qazanıb. Tərkibi gizli saxlanılan münsiflər heyəti səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə laureatları müəyyənləşdirib.
Varis Yolçuyev “Yanvarın 13 günü” romanı ilə “Fəlsəfi ədəbiyyat” nominasiyasında “müasir yazar” dərəcəsi ilə qalib gəlib.
Nüfuzlu mükafata layiq görülənlər arasında Sergey Lukyanenko, Andrey Şarqorodski, Zaxar Prilepin və Eduard Uspenski kimi tanınmış yazarlar da olub.
Qeyd edək ki, “Yanvarın 13 günü” romanı 2015-ci ilin dekabrında Moskvada nüfuzlu “Sovremenniki i klassiki” vintaj seriyasında çapdan çıxıb. Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda “Sankt-Peterburq” kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimləri keçirilib. Kitab hazırda Rusiyadan başqa, Avropa və Amerikada da satışdadır.
azertag.az