Dekabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə “Azərbaycan yurdum mənim” adlı rəqs-tamaşa təqdim olunub. Ədəbi-bədii kompozisiya “Multikulturalizm ili” çərçivəsində gerçəkləşib.
Tədbirdə sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəyli çıxış edərək “Multikulturalizm ili” çərçivəsində reallaşan tədbirlərin əhəmiyyətindən danışıb. Natiq son illərdə multikulturalizmin bütün dünyada təşviqi istiqamətində beynəlxalq səylərə Azərbaycanın verdiyi əhəmiyyətli töhfələr və Bakıda bu mövzuda keçirilən beynəlxalq tədbirlərdən söz açıb.
Vurğulanıb ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan, həm də multikulturalizm prinsiplərini dünyada təbliğ edən nadir ölkələrdəndir. Azərbaycanda mövcud olan multikultural mühit təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətlərindən olmaqla yanaşı, bütün dövrlərdə cəmiyyətin yaşam tərzinə çevrilib. Bu gün isə multikulturalizmin Azərbaycan modeli formalaşıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
N.Rəhimbəyli Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə il ərzində reallaşan tədbirlər silsiləsinə nəzər salaraq təqdim olunan rəqs-tamaşanın əhəmiyyətini qeyd edib.
Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının tam orta, orta ixtisas, bakalavr və magistratura pilləsinin tələbələri tərəfindən rəqs-tamaşa təqdim olunub. Rəqs-tamaşanın quruluşçu xoreoqrafı Xalq Artisti Yusif Qasımovdur.
Rəqs-tamaşa maraqla qarşılanıb.
azertag.az