“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu! İctimai Birliyi (İB), “İstanbul Türk Ocaqları, Sağlamlığın Qorunması” İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Cənub şöbəsinin təşkilatçılığı ilə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi ilə bağlı Türkiyənin bir neçə bölgəsində silsilə tədbirlər keçiriləcək.
İB-nin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, yüzlərlə insanın iştirakı ilə müşayiət olunacaq ən böyük tədbir yanvarın 31-də İstanbulda keçiriləcək. “Türkiyənin bəzi vilayətlərində yanvarın sonlarından başlayaraq silsilə tədbirlər davam edəcək və İstanbulda finalla bitəcək. Şəhriyar nəinki Azərbaycanın, türk dünyasının da böyük şairidir. Bu, yubiley çərçivəsində böyük şairin ədəbi irsi və yaradıcılığının qardaş Türkiyədə daha geniş kütlələrə çatdırılması istiqamətində çox mühüm bir addım olacaq. Silsilə tədbirlər çərçivəsində şairin ədəbi yaradıcılığı ilə bağlı panellər şəklində konfranslar keçiriləcək. Tədbirlər sadəcə konfranslarla bitməyəcək, geniş musiqili bədii gecələrin keçirilməsi də nəzərdə tutulub”, - deyə Qənirə Paşayeva vurğulayıb.
Bildirilib ki, konfranslara Azərbaycan, Türkiyə və İrandan olan bir sıra ziyalılar dəvət olunacaq, çıxış və müzakirələr keçiriləcək. Həmçinin, hər üç ölkədən sənətkarların iştirakı ilə şairin yaradıcılığından nümunələr təqdim olunacaq.
azertag.az