Cari ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası (BXA) “Azərbaycan yurdum mənim” adlı layihə hazırlayıb.
Akademiyadan bildiriblər ki, layihənin məqsədi ölkədə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasətinə dəstək verməklə burada yaşayan etnik qruplar və dini icmalar arasında dostluğun, qardaşlığın daha da möhkəmlənməsi işinə elm, mədəniyyət və incəsənət vasitəsilə töhfə verməkdir. Layihə çərçivəsində dekabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında “Azərbaycan yurdum mənim” rəqs-tamaşa nümayiş etdirilib, dekabrın 27-də isə “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda IV respublika elmi-praktik konfransı keçirilib.
Rəqs-tamaşa 17 rəqsdən ibarət olub, Azərbaycanda yaşayan bir çox xalqların rəqslərini özündə cəmləşdirib. Tamaşanın müəllim-xoreoqrafları BXA-nın müəllimləri Kamilə Əliyeva, əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli, Xalq Artisti, Prezident mükafatçısı Yusif Qasımovdur. Rəqs-tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tam orta, orta ixtisas, bakalavr və magistratura pillələrinin tələbələri iştirak ediblər.
Dekabrın 27-də keçirilən “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda dördüncü respublika elmi-praktik konfransının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə BXA və konfrans iştirakçıları adından güllər və əklil qoyublar.
Konfransda BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Sonaxanım İbrahimova akademiya haqqında, onun fəaliyyəti və “Multikulturalizm ili” çərçivəsində görülən işlər barədə məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan yurdum mənim: tariximizə sahib çıxaq”, AMEA-nın Folklor İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Muxtar İmanov “Xalq mədəniyyətində multikulturalizmin təzahür formaları”, Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini Cəbi Bəhramov “Bakı nefti və Azərbaycan multikulturalizm ənənələri”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu direktorunun müavini, dosent Xəzər Zeynalov “Postmodernizm dövründə milli özünüdərk” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra konfrans işini bölmələr üzrə davam etdirib.
azertag.az