Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində sağlam qidalanmaya dair aparılmış sorğunun nəticələri ilə bağlı “dəyirmi masa” keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirin keçirilməsində məqsəd İSİM tərəfindən 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb yeməkxanalarının əməkdaşları arasında keçirilmiş sorğunun nəticələrinin ilkin müzakirəsi idi.
Tədbirdə Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, ATU-nun Qidalanma və kommunal gigiyena kafedrası, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Qızıl Aypara Cəmiyyəti və “Ümidli Gələcək” Gənclər Təşkilatının nümayəndələri iştirak edib. “Dəyirmi masa”da İSİM-in mütəxəssisləri tərəfindən Bakı-Abşeron, Gəncə, Lənkəran, Saatlı, Göyçay, Qax, Quba və Qazax regionlarında aparılmış sorğunun nəticələri açıqlanıb. Sorğu əhali arasında sağlam qidalanmaya dair biliklərin qiymətləndirilməsi, habelə məktəblilərin ən çox aldıqları qida məhsullarının müəyyən edilməsinə yönəlmişdir.
Sorğunun əlaqələndiricisi şagirdlərin məktəbdə qidalanması vəziyyətinin öyrənilməsinin əhəmiyyətindən, valideynlərin və müəllimlərin buna diqqət yetirməsındən danışıb.
Sonda tədbir iştirakçıları arasında sorğunun yekunlarına dair fikir mübadiləsi aparılıb.
azertag.az