Bayramda necə qidalanmaq lazımdır? - MƏSLƏHƏT
28.12.2016

İl ərzində ölkəmizdə müxtəlif bayramlar qeyd olunur. Bayramların əsas atributlarından biri də gözəl süfrələrdir.
Günümüzün reallığında süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyət daşıyır. Dietoloq Məlahət Kərimova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində yeməkləri hazırlayarkən nələri nəzərdən qaçırmamağın faydalı olmasına aydınlıq gətirib.
Süfrənin bəzədilməsi işi marketlərdən başlayır
Onun sözlərinə görə, süfrənin bəzədilməsi prosesi marketlərdən başlayır: "Bu xüsusda hansısa bir malı alarkən üzərində hədiyyə kimi təqdim olunan məhsullara diqqət yetirilməlidir. Yəni bazarlıq zamanı ilk növbədə məhsulların istehsal və son istifadə tarixlərinə baxmaq lazımdır. Çünki zəhərlənmə, mədə-bağırsaq pozulmaları baş verə bilər. Yeni ildən sonra ishal, müxtəlif problemlərlə qarşılaşmamaq üçün məhsulun təzəliyinə, keyfiyyətinə, yeməklərin və salatların hazırlanmasına diqqət etmək vacibdir. Biz azərbaycanlılar süfrədə iki-üç növ salat, balıq, toyuq, aş, kabab və s. olmasını xoşlayırıq. Süfrənin bol çeşiddə bəzədilməsinə mənfi baxmıram. Amma bu bolluq insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır. Yəni süfrədəki qidaları qəbul edən şəxslərdə sonradan baş ağrıları, ürəkbulanmasına gətirib çıxarmamalıdır. Ona görə də süfrədəki yeməklərin hər birindən dadmaq istəyən insanlara kifayət qədər az qidalanmalarını tövsiyə edirəm. Çünki salatların, xörəklərin ardından şirniyyatlar, tortlar da qəbul olunur".
Yağlı yeməklərdən kənar olmaq lazımdır
M.Kərimova bildirib ki, salatların hazırlanması üçün mayonezdən istifadə şərt deyil: "Biz mayonezli salatları xoşlayırıq. Daha çox da mayonez ağırlıqlı paytaxt, mimoza salatlarına üstünlük veririk. Amma hazırda insanların əsasən arıqlamaq istədiklərini nəzərə alsaq, mayonezsiz salatlara üstünlük verməliyik. Belə ki, çox gözəl tərəvəz salatlarımız var və onları mayonezsiz də hazırlamaq mümkündür. Məsələn, kahı, kök, kələm, içərisinə bir az ton balığı, pomidor, xiyar da əlavə etməklə çox gözəl salat hazırlamaq olar. Kələm salatı deyəndə insanlara sadə gəlir. Amma kələmin üzərinə qarğıdalı və ya göy noxud əlavə etməklə çox gözəl salat hazırlamaq olar. Ənginar, brokoli kimi məhsullardan dadlı salatlar hazırlana bilər. Ailədə qaraciyər xəstəliyindən əziyyət çəkən varsa, kələm və kərəvizdən də salat hazırlamaq mümkündür. Ümumiyyətlə, yağlı yeməklərdən kənar durmaq və sobada hazırlanan yeməklərə üstünlük vermək lazımdır. Qazlı içkilərin qəbulunu da məsləhət görməzdim. Daha çox təbii üsulla hazırlanmış kompotlara üstünlük verilməsi yaxşıdır. Əgər yeməkdən sonra çay içiləcəksə, limon salınması daha faydalı olar".
Bayram süfrəsində uşaqlar da yaddan çıxmasın
Dietoloq deyib ki, mədə və bağırsağında hər hansı bir narahatlıq olan şəxsə mayonez zərərlidir: "Sadəcə, bir-iki qaşıqla kifayətlənmək daha yaxşı olar. Eyni zamanda, bayram süfrəsində uşaqlara mayonezli salat verməkdənsə, xüsusi desertlər hazırlamaq lazımdır. Bananı, fındıq əzməsini xama ilə qatıb və bunu adi boşqabda deyil, bəzəkli qablarda süfrəyə verməklə uşaqlarda maraq yaratmaq olar. Bu desert həm də onlar üçün çox faydalı olar".
Yeməkləri saxlayıb yeməyin
M.Kərimova vurğulayıb ki, aş yeməklərin tacı olduğundan süfrədə digər xörəklə əvəz edilmir: "Amma aşı az yağla, həmçinin yağsız ətlərdən istifadə etməklə hazırlamaq lazımdır. Menyuda aşla yanaşı, tərəvəz salatı, balıq, kabab kimi yeməklərin olması problem deyil. Aşın mayonezli salat, yağlı dolma, yağlı balıqla birlikdə qəbulu həddən artıq ağırlıq yarada bilər.
Ümumiyyətlə, bayram süfrəsindən sonraya qalmış yeməklərdən istifadə etmək düzgün deyil. Xörəklər süfrədə bir-iki saat qaldıqdan sonra onun içərisində bakteriyalar inkişaf edir və daha sonra həmin yemək soyuducuya qoyulub təkrar yeyiləndə zəhərlənmələrə səbəb ola bilər. Xörəklərin az hazırlanması və istifadəsı yaxşı olardı. Bayramdan sonra zəhərlənmə, ishal, baş ağrıları ilə bağlı müraciətlər olur. Bəzən çox qida qəbul etdiyimizdən səhər yuxudan qalxanda ağırlıq hiss edirik. Məsələn, toylarda özünü sevən insan hər yeməkdən sadəcə bir tikə yedikdə özünü çox rahat hiss edəcək. Amma bütün salatlardan bol qəbul etdikdə mədənin həcmi az olduğundan halsızlıq, baş ağrıları yaranacaq".

saglamolun.az