Respublika Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində "Çövkən" Milli Atüstü oyunu üzrə Prezident Kubokunun təqdimat mərasimini keçirib.
Yarışlarda "Polad", "Sərhədçi", "Köhlən", "Qarabağ" və "Dilbaz" komandaları kubok üzrə mübarizə aparıb.
Kubokun yarımfinal oyunlarında "Polad" komandası "Köhlən" komandasını 5:1, "Sərhədçi" isə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Üçüncülük yarışında "Qarabağ" "Köhlən"i 2:0 hesabı ilə məğlub edərək üçüncü olub. Final görüşündə isə "Polad" və "Sərhədçi" komandaları üz-üzə gəlib. Görüş "Sərhədçi"nin 1:0 qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.
Qalibləri Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev mükafatlandırıb. Birinci yerin sahibinə kubok və medal, ikinci və üçüncü yerin sahiblərinə isə medallar təqdim edilib.
Turnirin mükafat fondu 50 min manatdır.
Qeyd edək ki, yarışda ümumilikdə 24 region komandası iştirak edib və 8 qalib yer müəyyən edilib. Həmin komandalar Bakıda keçirilən final mərhələsində iştirak hüququ qazanır. Hər il dekabrda keçirilməsi planlaşdırılan Prezident Kuboku yarışlarında əvvəlki aylarda 24 və ya 32 komandanın iştirak edəcəyi Respublika Çempionatlarının ilk 8 yerinə sahib olan rayonların çövkən komandalarının iştirakı nəzərdə tutulur.
trend