Dekabrın 28-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaranmasının 85 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bütün yaradıcı heyəti təbrik edib və teatrın keçdiyi tarixi yoldan, qazandığı uğurlardan və gələcək planlarından söhbət açıb.
Bildirilib ki, zəngin kukla teatrı ənənəmizin davamçısı olan Azərbaycan Dövlət Kukla Teatrının əsası 1931-ci ildə Molla Ağa Bəbirli tərəfindən qoyulub. Bu sənət ocağı müxtəlif illərdə müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərib. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-cü il aprelin 15-də dövlət statusu verilib.1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.
Yarandığı gündən bu günədək teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Rusiya, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında ölkəmizi layiqincə təmsil edərək mükafatlarla təltif olunub.
Kukla Teatrının daim axtarışda olan və peşəkar kollektivə malik mədəniyyət ocağı olduğunu söyləyən nazir deyib: “Bu teatrın əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdır. Mədəniyyət ocağının vəzifəsi həm də ondan ibarətdir ki, Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatsın və təbliğ etsin”.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşan layihələrdən söz açan Ə.Qarayev vurğulayıb ki, proqrama əsasən ilk olaraq Kukla Teatrının binası əsaslı təmir olunub və burada yaradıcı kollektivin hərtərəfli inkişafı üçün yüksək səviyyədə lazımi şərait yaradılıb.
Nazir Azərbaycan Dövlət Kukla Teatrının təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq kukla teatr festivallarının əhəmiyyətini yüksək qiymətləndirib və dünyada bu festivala böyük maraq yarandığını söyləyib.
Əbülfəs Qarayev fürsətdən istifadə edərək bu gün yaranmasının 30 illiyini qeyd edən Gəncə Dövlət Kukla Teatrının da kollektivini təbrik edib.
Sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşlarına nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və Fəxri fərmanları təqdim olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət Kukla Teatrının Azərbaycan teatr məkanındakı mövqeyindən danışıb, kollektivə işlərində uğurlar arzulayıb.
A.Nemət bildirib ki, ilk dəfə Azərbaycan teatr tarixində xarici qastrol səfərlərinə Kukla Teatrı gedib. Bu teatrın bazası əsasında Gəncə, Salyan və Qaxda kukla teatrları yaradılıb.
Sonra Kukla Teatrının əməkdaşlarına Teatr Xadimləri İttifaqının Fəxri fərmanları təqdim olunub.
Yubiley mərasimi teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqramla davam edib.
azertag.az