Azərbaycan teatr səhnəsinin ən parlaq simalarından biri, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlının anadan olmasından 110 il ötür.
İsmayıl Dağıstanlı (Hacıyev) 1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb. Erkən yaşlarından teatr sənəti ilə maraqlanan İ.Dağıstanlı 1930-cu ildə Teatr Texnikumunu bitirdikdən sonra həyatını həmişəlik Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlayıb.
Uzun illər mənalı səhnə həyatı yaşamış aktyor Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlər göstərib. İsmayıl Dağıstanlı realizm məktəbi keçib, parlaq və özünəməxsus istedada malik aktyor kimi məşhur dramaturqların və klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalarda unudulmaz obrazlar silsiləsi yaradıb. Onun səhnə yaradıcılığı həmişə yüksək vətəndaşlıq pafosu ilə seçilib.
Görkəmli aktyor S.Kirov (Ə.Məmmədxanlı “Şərqin səhəri” və C.Məcnunbəyov “İliç buxtası”), N.Nərimanov (M.İbrahimov “Közərən ocaqlar”) rollarını böyük ilhamla və sənətkarlıqla ifa edib. V.Şekspirin “Otello”, A.Ostrovskinin “Tufan”, A.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif” və “Xanlar”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” və digər tamaşalarda ifa etdiyi baş rollar İsmayıl Dağıstanlıya sonsuz tamaşaçı məhəbbəti qazandırıb.
Dövrünün geniş diapazonlu aktyoru kimi ad-san qazanmış İ.Dağıstanlı teatrda işləməklə yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan bir çox filmlərdə də yaddaqalan obrazlar yaradıb. Kərəmoğlu (“Böyük dayaq”), Vəzir (“Koroğlu”), Zahidov (“Kölgələr sürünür”), Aslanov (“Qara daşlar”), Fətəli Xan Xoyski (“Qatır Məmməd”), Mirzə Fətəli Axundzadə (“Səbuhi”), İsrafil Məmmədov (“Sovet pəhləvanı”), Dəmirov (“Sualtı qayıq “T-9”) obrazları İ.Dağıstanlının yüksək istedadını, istər baş, istərsə də epizodik rola eyni məsuliyyətlə yanaşdığını bir daha təsdiq edir.
Azərbaycan teatr sənətinin inkişafı naminə bilik və bacarığını əsirgəməyən İsmayıl Dağıstanlı, eyni zamanda, M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) səhnə nitqi kafedrasının təcrübəli müəllimi kimi aktyor kadrlarının hazırlanması işinə də çox kömək edib.
Görkəmli aktyor 1980-ci il aprelin 1-də ömrünün 74-cü baharında Bakıda vəfat edib.
azertag.az