“İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival yanvarın 12-dən 19-dək Puna şəhərində keçiriləcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki, “İçəri şəhər” filmi Misirin 38-ci Qahirə, 47-ci Hindistan, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” və Hindistanın 21-ci Kerala beynəlxalq film festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
azertag.az