Son zamanlar hər kəsi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də baş ağrılarıdır. Bunun səbəbləri nədir?
Bu və ya digər suallara Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin I nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalov aydınlıq gətirib. “Baş ağrılarının səbəbləri çoxdur. Arterial təzyiqin dəyişməsi, baş-beynin iltihabı, travması və şişləri, nevralgiyalar, vegetativ disfunksiya, günvurma və istivurma əsas səbəblərdir. Baş ağrıları uzunmüddətli, göynədici, kəskin, eyni zamanda, dözülməz olmaqla bütün başı əhatə edə və ya ancaq gicgah nahiyəsində lokallaşa bilər. İkitərəfli göynədici baş ağrıları adətən yuxudan sonra səhər saatlarında meydana gəlir və gicgah nahiyələrini əhatə edir”, - deyə Ş.Mahalov bildirib.
Baş nevroloq qeyd edib ki, son vaxtlar geniş yayılmış psixogen baş ağrıları əsasən psixiki və fiziki xarakterli gərginlik, o cümlədən həyəcan vəziyyətində və depressiya zamanı yaranır. Belə hallarda ağrının xarakterini təsvir etmək çətin olur. Ağrı göynədici, sıxıcı olmaqla ənsə, alın və ya gicgah nahiyələrini, həmçinin başın hər yerini əhatə edir. Xorton (histamin) baş ağrıları isə periodik olaraq qısa tutmalarla (15 dəqiqə-2 saat) təzahür edir. Belə baş ağrıları ya gecə vaxtı, ya da səhər yaranır. Ağrı çox güclü, yandırıcı, deşici olur, qəflətən əmələ gəlir və başın bir tərəfində göz nahiyəsində məhdudlaşır. Xorton baş ağrıları əsasən 20 yaşdan yuxarı kişilərdə rast gəlinir. Əgər baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı - meningit haqqında düşünməyə əsas verir. Meningit zamanı baş ağrıları güclü olur, gözə təzyiq edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.
Onun sözlərinə görə, qəflətən başlayan kəskin baş ağrıları beyinə qansızma zamanı yaranır. Bu hal əsasən arterial təzyiqin yüksəlməsi və beyin damarlarının aterosklerozu zamanı ortaya çıxır. Ona görə belə hallarda təcili yardımı vaxtında çağırmaq lazımdır. Əgər baş ağrısı qəflətən, müntəzəm və intensiv olursa, nevroloqa müraciəti gecikdirmək olmaz. Belə ağrı baş-beyin şişlərinin ilkin əlaməti də ola bilər.
Baş nevroloq bildirib ki, toksiki baş ağrıları bəzi maddələrlə zəhərlənmələr və ya dərman preparatlarının qəbulundan sonra yaranır. Axıcı baş ağrıları isə tam sağlam insanlarda qapalı məkanlarda beyinə oksigen çatışmazlığı nəticəsində yaranır. Buna dəm qazı, avtomobil qazları, boya buxarlanması, kəskin ətirlər səbəb ola bilər.
Baş ağrıları zamanı müxtəlif dərmanlardan istifadə etməyin təhlükəsinə gəlincə, həkim vurğulayıb ki, belə vəziyyətdə çoxlu miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər. Bundan başqa, analgetiklərin uzunmüddətli qəbulu baş-beynin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və yeni azbus (dərmanlar tərəfindən törənən) baş ağrılarının meydana gəlməsinə səbəb ola bilər. “Baş ağrılarının profilaktikası məqsədilə beyin damarlarını yüngül ovuşdurmaq, təmiz havada gəzmək lazımdır. Dərmanlardan hədsiz dərəcədə istifadə etmək məsləhət görülmür. Əgər baş ağrısı keçmirsə, özbaşına müalicə ilə məşğul olmaq əvəzinə gecikmədən nevroloq-həkimə müraciət etmək lazımdır”, - deyə Ş.Mahalov əlavə edib.
azertag.az