Bakı-Ələt, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran bölgələrindəki aqroparkların yaxınlığında sənaye məhəllələri yaradılacaq.
Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Sənəddə qeyd olunur ki, aqroparkların effektiv fəaliyyətinin təmin edilməsi və səmərəliliyin yüksəldilməsi üçün aqroparklara bitişik, aqrar emala əsaslanan sənaye məhəllələrinin yaradılması da nəzərdə tutulur. Burada əsas məqsəd sənaye məhəllələrinin yaradılması zamanı əlavə infrastruktura yönələn xərclərin minimuma endirilməsi və kənd təsərrüfatı ilə sənaye arasında daha dərin inteqrasiyanın təmin edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, hər bir aqroparka (Bakı-Ələt, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran) bitişik sənaye məhəllələrinin yaradılması ilə bağlı təkliflər planı hazırlanacaq. Sənaye məhəllələrinin yaradılması zamanı dövlət-özəl tərəfdaşlığına əsaslanan, birsahəli və ya eynitipli məhsullar istehsal edən əlaqəli kiçik müəssisələr şəbəkəsinə üstünlük veriləcək. Bu, əsasən, hər bir regionun bir və ya bir neçə konkret kənd təsərrüfatı istehsal sahəsi üzrə ixtisaslaşması ilə bağlıdır. Beləliklə, sənaye məhəllələrinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətin icra mərhələləri aqroparklara uyğun şəkildə müəyyən ediləcək və fəaliyyət planı hazırlanacaq.
azertag.az