Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ ) bu il vahid məktəbli geyimləri ilə bağlı bəzi şagirdlərə güzəşt edə bilər. Bunu BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, bu il bütün məktəblilər sentyabrın 15-də dərsə vahid məktəbli formasında gəlməlidirlər.
Əliqızı deyib ki, ötən tədris ilindən BŞTİ-nin tabeliyindəki orta məktəblərdə rəsmi olaraq, vahid məktəbli formasına keçildiyi elan edilib. Buna görə də, yalnız ötən il dekabrın sonlarına kimi vahid məktəbli forması olmayan şagirdlərə bu geyimlərə keçmək üçün vaxt verilmişdi.
"Biz ötən tədris ilində reyd keçirdik. Məlum oldu ki, şagirdlərin 90-95 faizi məktəbli formasına keçib. Bu geyimə keçməyənlər 11-ci sinif şagirdləri idi ki, biz də onlara sonuncu məktəb illəri olduğu üçün güzəşt etmişdik. Amma onlar məktəbə yenə də ağ köynək və qara yubkada, şalvarda gəliblər. Builki 11-ci siniflər isə ötən ilin 10-cu sinif şagirdləridir. Ona görə də, onların hamısının məktəbli geyimi var", - idarə rəsmisi əlavə edib.
O qeyd edib ki, bu il bütün məktəblilər dərsə hökmən vahid məktəbli formasında gəlməlidirlər. Amma bu məsələdə yeganə istisna 6-cı sinifdən 7-ci sinfə keçən şagirdlərlə bağlı ola bilər. Çünki orta məktəblərdə 1-6-cı siniflər üçün ayrı, 7-11-ci siniflərə isə ayrı geyim forması tətbiq edilir. Buna görə də, bu il 7-ci sinif şagirdləri yeni geyim almalıdırlar. Bu amili nəzərə alaraq, 7-ci sinfə keçən şagirdlərə oktyabrın 1-dək güzəşt tətbiq edilə bilər. Onlar yeni geyim alanadək köhnə məktəbli formasında dərsə gələ bilərlər.
Əliqızı bildirib ki, bu il I sinfə gedəcək 30 min şagirdin vahid məktəbli forması geyinməsində problem yaranacağı gözlənilmir. Çünki şagirdlər üçün məktəbli geyimi istehsal edən "Bakı Tikiş Evi" ASC I siniflər üçün kifayət qədər geyim tikib.
Valideynləri geyim aldıqda diqqətli olmağa çağıran Əliqızı onlara saxta forma almamağı tövsiyə edib.
Trend