Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsi ilə bağlı “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.
Tamaşa Azərbaycan Prezidenti Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilən “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşacaq.
Yanvarın 20-si nümayiş olunacaq səhnə əsərinin süjeti müstəqillik uğrunda həyatlarını qurban verən gənclərin həyat hekayəsi əsasında qurulub.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Səhnə əsərində əsas rollarda əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd çıxış edəcək.
Tamaşada “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyinin üzvləri, ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak edəcəklər.
report.az