Azərbaycan muğamının İsrail həyatı
16.1.2017

İsrailin dünya mədəniyyətlərinə, xüsusən musiqi mədəniyyətinə açıq olmasını və həqiqi maraq göstərməsini onun zəngin və çoxşaxəli mədəniyyətinin ən maraqlı və qeyri-adi xüsusiyyətlərindən biri saymaq olar. Daha konkret desək, söhbət Azərbaycanın milli musiqisinə, o cümlədən muğamına olan maraqdan gedir. İsrail xalqı hələlik bir o qədər də yaxından bələd olmadığı bir ölkənin – müsəlman Azərbaycanının incəsənət xadimlərini son vaxtlar ölkənin konsert səhnələrində daha tez-tez görməyə başlayıb.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, qədim milli musiqi janrı olan muğam yeni, ekzotik və eyni zamanda, qədim mədəniyyətə məxsus bütün musiqi növlərinə maraq göstərən İsrail dinləyicisini cəlb edir. Artıq israilli musiqi xiridarlarının məhdud çevrəsini musiqi akademiyalarında festivallar və hesabat konsertləri çərçivəsində keçirilən Şərq musiqisi konsertləri ilə təəccübləndirmək mümkün deyil. Belə konsertlərdə tarzən, kamançaçalan və əlində qaval tutmuş xanəndədən ibarət klassik Azərbaycan üçlüyünü həmişə görmək olar.

Məlum olduğu kimi, təbiətdə heç nə boş yerə yaranmır. İsraillilərdə Azərbaycan musiqisinə belə marağın yaranmasının “səbəbkarlarından” biri də Azərbaycan etnik musiqisinin pərəstişkarı dağ yəhudisi Perets Eliyahudur. Əslən Dağıstandan olan P.Eliyahu Müqəddəs torpağa qədəm qoyandan etibarən Azərbaycan milli musiqisinin təbliğatçısına çevrilib. Tar sinfi üzrə ali təhsili olan P.Eliyahu Azərbaycan musiqisini təkcə öz övladlarına aşılamayıb. O, həm də İsrailin musiqi akademiyalarının tələbələrinə tar çalmağı öyrədir, İsrail universitetlərində Azərbaycanın milli musiqi alətlərinin tədrisinin banilərindən biridir. Buna görə o, həm İsrailin, həm də beynəlxalq mükafatlara layiq görülüb.

P.Eliyahu iki Şərq musiqisi akademiyasına başçılıq edir. Akademiyalardan biri Qüdsdə, digəri Safatda yerləşir. Artıq keçmiş tələbələri də bu akademiyalarda dərs deyirlər. Müxtəlif ölkələrdən, o cümlədən İran, İraq, Türkiyə və Misirdən olan Şərq xalq çalğı alətləri ustadları P.Eliyahunun dəvəti ilə vaxtaşırı bu musiqi ocaqlarına gəlirlər. Amma Azərbaycan musiqisinin vurğunu olan Perets ilk növbədə ölkəmizdən peşəkar musiqiçiləri dəvət edir.

İsrailin ən qədim şəhərlərindən birində - Safatda yerləşən “Məqamət” Şərq Musiqisi Akademiyasının tələbələri yeni ildə bir həftə ərzində tanınmış Azərbaycan kamançaçalanı Elşən Mənsurovun ustad dərslərində iştirak ediblər. İsrailli dinləyiciyə həm ifaçı, həm də müəllim kimi yaxşı tanış olan E.Mənsurovun gəlişi tələbələr və əlbəttə, Azərbaycan milli musiqisinin bütün pərəstişkarları üçün əsl bayrama çevrilib.

Qeyd edək ki, “Məqamət” Akademiyası israilli mesenat Moşe Tovanın vəsaiti hesabına fəaliyyət göstərir. Tələbələrin tədrisi, akademiyanın və əcnəbi mütəxəssislərin saxlanması xərclərini, əlqərəz, bu çoxşaxəli strukturun dəstəklənməsi üçün lazım olan bütün işləri o maliyyələşdirir. Burada müxtəlif Şərq ölkələrində ali musiqi təhsili almış peşəkar musiqiçilər dərs deyirlər.

Şərq Musiqisi Akademiyasında təhsil alan gənclər çətin ki, Şərq musiqisi daşıyıcısı təəssüratı oyatsınlar, əksinə onlar daha çox Avropa meyilli gənclərdir. Tələbələrin əksəriyyəti yəhudi dini təhsil ocaqlarını bitirmiş çox mömin insanlardır. Bəlkə də mömin gənclər yüksək mənəviyyat sahibi olduqları üçün muğam kimi sirli və ecazkar musiqiyə aludə olublar. Bunu meditasiya və dərin mənəvi-emosional hisslərə varmaq ilə müqayisə etmək olar.

Safatdakı Şərq Musiqisi Akademiyası azı yeddi yüz il əvvəl Osmanlı İmperiyası dövründə inşa edilmiş qədim binada yerləşir. Bu bina Safatda yeganə tikilidir ki, mövcud olduğu bütün illər ərzində fasiləsiz fəaliyyət göstərib. Tikili tağları və yaraşıqlı hasarları olan bir-biri ilə kiçik həyətlərlə ayrılmış çoxsaylı otaqlardan ibarətdir. Hər bir otaq səciyyəvi Şərq atributları – qədim mis qab-qacaq, Şərq oyma naxışlı mebel və buna uyğun ev müxəlləfatı ilə bəzədilib. Amma divar və döşəmələri bəzəyən İran xalçaları daha çox diqqəti cəlb edir. Hər sinif otağına muğam məqamlarından birinin adı verilib: Rast, Humayun, Hicaz, Bayatı-Şiraz, Şur və s. Safat hər şeyin sanki yeganə mədəniyyətə - yəhudi ilahiyyatına tabe olduğu dini mənəviyyat mərkəzi olduğu üçün siz təzadlı mədəniyyətlərin bir-birinə qarşılıqlı nüfuzundan yaranmış əsl mədəni-emosional sarsıntı keçirəcəksiniz. Burada gördükləriniz bir daha belə bir danılmaz həqiqəti möhkəmləndirir ki, incəsənət təkcə xalqları yaxınlaşdırmır, həm də sülhü qoruyub saxlayır. Əslən Azərbaycandan olan bizlər üçün isə bu, Azərbaycan və İsrail xalqları arasında az qala metafizik, mistik və mənəvi əlaqələrin mövcud olmasının daha bir təsdiqidir.

azertag.az