Norveç xətəxanalarından birində xadimə kimi çalışan polşalı Joanna Renklavoviç adlı qadının dostları ilə ana dilində danışması onun işdən qovulması ilə nəticələnib.
Skien qəsəbəsindəki xəstəxanada işləyən 34 yaşlı qadının iş yerində dostları ilə ana dilində danışdığı üçün işdən qovulduğu bildirilib. Joannaya işdən qovulduğu barədə xəbər məktubla göndərilib.
Məktubda yazılıb ki, Renklavoviç işlədiyi xəstəxananın yeməkxanasında və dəhlizlərində dostları ilə ana dilində danışır, bu isə xəstələrin narahatlığına səbəb olduğundan onlar qadından şikayət ediblər. İş yerindən həmçinin bildirilib ki, xəstəxanada ancaq norveçcə danışılmalıdır.
Joanna Renklavoviç işdən azad edildiyini öyrənən kimi məhkəməyə müraciət edib. Norveçdə 4 ildir ki, yaşadığını bildirən qadın iş yerində Polşadan olan dostlarıyla polyak dilində danışdığını, ancaq bunun fasilələrdə olduğunu deyib: “İş görərkən hamımız Norveç dilində danışırıq. Sadəcə fasilələrdə və başa düşmədiyimiz söz olanda öz dilimizdə danışırıq. Daha əvvəl də müdür bu barədə xəbərdarlıq etmişdi, axırda isə şikayət elədi və məni işdən qovdu”.
“Ana dilində danışmaq işdən qovulmaq üçün səbəb olmamalıdır”, – deyən qadın, hüquqlarını sona qədər müdafiə edəcəyini və işinə qayıtmaq üçün mübarizə aparacağını bildirib.
Şikayətdən sonra xəstəxana rəhbərliyi həmkərlar ittifaqı ilə birgə iclas keçirəcəyini açıqlayıb. Ancaq xəstəxana rəhbərliyi həmçinin Joanna Renklavoviçə müqavilədəki maddəni də xatırladıb, müqavilədə bildirilir ki, iş yerində Norveç dilində danışmaq məcburidir.
ANN.Az