Qax Dövlət Yasaqlığındakı ceyranların sayı artaraq 71 başa çatıb
17.1.2017

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Azərbaycanda ceyranların əzəli təbii yaşayış mühitinə qaytarılması – re-introduksiyası layihəsi üzrə işlər uğurla davam etdirilir. Layihə çərçivəsində 2010-cu ildə Qax Dövlət Yasaqlığının Sarıca və Acınohur çöllərinə ilkin olaraq 8 baş ceyran buraxılıb. Ceyranların re-introduksiyası sonrakı illərdə də davam etdirilib. Aparılan son müşahidələr nəticəsində hazırda bu ərazidə ceyranların sayının artaraq 71 başa çatdığı müəyyən olunub.

Bu barədə İlisu Dövlət Təbiət Qoruğunun mühafizə üzrə direktor müavini Azərçin Muradov məlumat verib.

Ərazinin mühafizə rejiminin gücləndirilməsi məqsədi ilə hazırda burada 3 gözətçi məntəqəsi fəaliyyət göstərir. Məntəqələr müşahidə aparmaq üçün lazım olan avadanlıqla təmin edilib. Təbliğat və xəbərdarlıq məqsədi ilə ərazidə 18 məlumat lövhəsi və xəbərdaredici nişan qoyulub. Məntəqələrdə gündəlik növbətçilik təşkil olunub.

Qoruğun rəsmisinin bildirdiyinə görə, ceyranların hərəkəti boyunlarına bərkidilmiş xüsusi ötürücülər vasitəsilə izlənilir, gündəlik müşahidələr aparılır. Ceyranların iqlimə öyrəşməsi, eləcə də gündəlik fəallığı qoruğun mütəxəssisləri tərəfindən daim öyrənilir, müvafiq qeydlər aparılır. Yaxın gələcəkdə ərazidə ceyranların sayının artırılaraq 100-150 başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, İlisu Dövlət Təbiət Qoruğu IDEA İctimai Birliyi tərəfindən müəyyənləşdirilmiş “Qafqazın böyük beşliyi”nə daxil olan qonur ayı, qartal, boz canavar, bəbir və ceyranın indiyədək qorunub saxlandığı yeganə xüsusi mühafizə olunan təbiət ərazilərindəndir.

azertag.az