Sentyabrın 23-də Bakı ətrafında yolsuzluq avtomobillərinin “Payız Cip Trial 2012” adlı yarışı keçiriləcək.
Bu barədə yarışı təşkil edən “CLUB 4X4” idman avtomobili klubundan məlumat verilib.
Məlumata görə yarışın məqsədi ayrılmış vaxtı keçmədən minimum zamanda şosedə işarə edilmiş istiqamət qapılarından keçməkdir.
İştirakçılar müəyyən ardıcıllıqla bütün qapıları keçməlidirlər. Pozuntuya və ya qapının dağıdılmasına görə cərimə xalları və ya diskvalifikasiya təyin edilir.
Klubdan məlumat verilib ki, yarışlar üç əsas kateqoriya üzrə keçiriləcək. Belə ki, “Standart” kateqoriyasında konstruksiyasında heç bir dəyişiklik edilməyən avtomobillər, “Mürəkkəb” kateqoriyada yarışın reqlamentinə əsasən, konstruksiyasında icazə verilən dəyişikliklər edilmiş avtomobillər və “Peşəkar” kateqoriyada isə konstruksiyasında istənilən dəyişiklik edilmiş avtomobillər mübarizə aparacaq.
Qeyd edək ki, “Cip Trial” dərə-təpəli ərazilərdə yerləşən və süni və ya təbii maneələrlə bağlanan şosedə keçirilən avtomobil yarışıdır.
Yarışda iştirak şərtləri və bu yarışlara qatılmaq istəyən avtomobillərə və ekipaja qarşı irəli sürülən texniki tələblər haqqında ətraflı məlumatı təşkilatçıların saytından (www.club4x4.az) əldə etmək mümkündür.
Gün.Az