Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı “Şelkunçik” baletinin premyerası
18.1.2017

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) hazırladığı P.İ.Çaykovskinin “Şelkunçik” baletinin premyerası keçirilib.

Bakı Xoreoqrafiya Akademiyası 90 illik tarixi ərzində ilk dəfə olaraq təhsil müəssisəsinin tələbə və şagirdlərinin iştirakı ilə tamaşa nümayiş etdirir. Tədris tamaşasının məqsədi Azərbaycanda klassik rəqs və balet irsinə marağın artırılması, balet sənətinin təbliği və bütövlükdə xoreoqrafiya sənətinin inkişafına töhfə verməkdir.

Beynəlxalq müsabiqələr laureatı, Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarə etdiyi tamaşanın quruluşçu baletmeysteri Əməkdar Müəllim Pellumb Aqalliyay, bədii rəhbəri Xalq Artisti Kamilla Hüseynovadır.

Tamaşanın nümayişindən əvvəl fikirlərini bölüşən BXA-nın bədii rəhbəri Kamilla Hüseynova bildirib ki, akademiya rəqs tamaşaları təqdim etməyi qarşısına məqsəd qoyub. Tələbə və şagirdlərin dərsdən sonra məşq etdiyini söyləyən bədii rəhbər vurğulayıb ki, bugünkü tamaşa həmin gərgin məşqlərin nəticəsinin bəhrəsidir.

BXA-nın baş müəllimi Pellumb Aqalliyay deyib ki, üç aydan çox müddətdə hazırlanan tamaşada akademiyanın tələbə və şagirdləri çıxış edir. Bu hadisə akademiyanın fəaliyyətində böyük addımdır. Baletin ideyasının klassik “Şelkunçik”lə eyni olduğunu bildirən P.Aqalliyay deyib: “Burada yanlış xoreoqrafiya dəyişir. Biz də baleti öz variantımızda, bacardığımız kimi hazırlamağa çalışdıq”.

Tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tələbələri – Murad Kərimov, Dinara Şirinova, Mikayıl Həsənzadə, Fatimə Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov, Seymur Qədiyev, Arzu Əsədova, Mətanət Rəcəbli, Ləman Nəbiyeva, Gülanə Əsgərova, Əsmər Mövsümova, Liana Praqa, Rafael Atayev, Surac Qurbanov, Rifan Qəhrəmanov, Ümid Zülfiqarov, Nicat Teymurlu, Azər Pənahov, Fatima Xələfova, həmçinin şagirdlər - Maksim Lobaçov, Nərgiz Abdullayeva, Aza Nurullayeva, Nəzrin Adıyeva, Aydan Hüseynova və Roza Zeynalova iştirak ediblər.

Qeyd edək ki, “Şelkunçik” baleti rus bəstəkarı P.İ.Çaykovskinin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qız Klara Stalbaumun yeni il hədiyyəsi kimi aldığı oyuncaqla bağlı yazılmış mistik-nağıl janrında əsərdir. İlk dəfə 1892-ci ildə Sankt-Peterburqda səhnələşdirilən “Şelkunçik” baleti, yeni il şənlikləri ilə eyniləşdirilib və bu adət halını alıb. “Şelkunçik” dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir.

azertag.az