London Universitetinin bölməsi olan Şərq və Afrika Araşdırmaları Fakültəsində (SOAS) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndəsi, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova “Azərbaycanda muğam: Yeni tendensiyalar və klassik ənənələr” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə SOAS Musiqi Departamenti, “Vostok” Cəmiyyəti və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutub.
Tədbirə SOAS-ın mühazirəçisi və vaxtaşırı BBC Radio 3-də musiqi icmalçısı kimi çıxış edən Lüsi Düran, dünyanın aparıcı dövri musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru və “Evening Standard” qəzetinin köşə yazarı Saymon Brouton da daxil olmaqla 70-dən çox iştirakçı qatılıb.
S.Bağırova muğamın klassik ənənələri barədə danışaraq bildirib ki, muğam Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda inkişaf etmiş improvizasiya xarakterli, emosional məna daşıyan, qədim, milli Azərbaycan musiqisidir. O vurğulayıb ki, Azərbaycan muğam sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib.
Sənubər Bağırova həm Azərbaycan, həm də xarici innovatorların ifalarını təhlil edərək deyib ki, bu ifaçılar muğam ənənəsinə yeni yanaşma tətbiq edir, klassik musiqi ilə caz musiqisini muğamla birləşdirərək çox gözəl effekt yaradırlar. Musiqişünasın sözlərinə görə, muğam mövzuları, yəni, sərbəst ölçüsü olan melodiyalar adi qaydada muğam ifaçıları tərəfindən ənənəvi musiqi kimi bəstələnmir. Buna baxmayaraq, ifaçı onun mətninə öz detallarını əlavə edə bilməz.
Mühazirə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət Xadimi, Böyük Britaniyada yaşayan tar ifaçısı Rafiq Rüstəmovun ifası ilə müşayiət olunub. Rafiq Rüstəmov Ağdam şəhərində anadan olub. Onun musiqi karyerası 1969-cu ildə musiqi festivalında qalib olandan sonra başlayıb. O, həmçinin Xan Şuşinski adına Musiqi Məktəbinin müdiri və “Qarabağ bülbülləri” ansamblının direktoru olub. Onun “Bayatı-Şiraz” muğamından bir parça və “Rast” muğamının variantlarını virtuoz şəkildə ifa etməsi ustadın yüksək musiqi bacarığından xəbər verirdi.
SOAS-dakı mühazirə sual-cavab sessiyası ilə yekunlaşıb.
azertag.az