Tərtər rayon Uşaq-Gənclər Şahmat məktəbində keçirilən şahmat turnirində Qarabağ bölgəsini əhatə edən 5 komanda iştirak edib.
Yarış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində təşkil olunub.
Layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, donor təşkilat, eləcə də ölkədə uğurla reallaşdırılan gənclər siyasəti və qarşıda keçiriləcək növbəti yarışlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb.
Əlli şahmatçının mübarizə apardığı yarışın sonunda qalib gələn “Qarabağ” komandasının üzvlərinə kubok və sertifikatlar təqdim edilib.
azertag.az