Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verilir ki, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir müavini tərəfindən Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu ölkələr arasında turist axınının daha da intensivləşdirilməsinə töhfə kimi qiymətləndirilib və nəticə olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayının 5,5 dəfə artdığı vurğulanıb.
Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub. X.A.Naemi Qətər dövlətində bu sahədə mövcud standartlar və görülən işlər barədə məlumat verib.
N.Səmədov, öz növbəsində, ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində sözügedən şəxslər üçün müvafiq infrastrukturun yaradılmasına dair meyarların mövcudluğunu və “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə” AZS 745-2015 Dövlət Standartında öz əksini tapdığını qeyd edib.
Nazir müavini tərəfindən, həmçinin ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunaraq, iki ölkədə qarşılıqlı şəkildə Mədəniyyət Günlərinin keçirildiyi bildirilib.
Sonda Azərbaycanla İslam ölkələri arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən N.Səmədov 2017-ci ilin Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıraraq, bu qərarın Azərbaycan və İslam ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da intensivləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
trend.az