“Simurq quşu” baleti azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək
24.1.2017

Fevralın 5-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində “Simurq quşu” adlı balet axşamı keçiriləcək.

Balet axşamı proqramının ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək. Səhnə əsərində quruluşçu xoreoqraf, işıq üzrə rəssam azərbaycanlı balet ustası Eldar Əliyevdir. Balet həmvətənimizin librettosu əsasında təqdim ediləcək.

Qeyd edək ki, gecədə təqdim ediləcək bəzi balet səhnələri də Eldar Əliyevin redaktəsində və quruluşunda nümayiş olunacaq.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

azertag.az