“Emalatxanada görüş” adlı yeni layihəyə start verilir
25.1.2017

Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı yeni layihəyə start veriləcək.

Qalereyadan bildirilib ki, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafını, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərinin, orijinal ideyaları ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

Layihə Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Bir çox gənc rəssamların yaradıcılıq nailiyyəti haqqında ən yeni məlumatlar məhz bu layihə çərçivəsində geniş izləyici auditoriyasına təqdim olunacaq.

Layihənin iki mərhələdə keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə gənc rəssamlar Nərminə Vəliyeva, İmran Mehdiyev, Namiq Hüseynov və Abbas Məmmədovun emalatxanalarında görüş keçiriləcək. Həmçinin sənətsevərlərin gənc rəssamların yaradıcılıq prosesləri ilə yaxından tanış olmaları üçün virtual sərgi təşkil olunacaq.

azertag.az