“Almaz” tamaşası yenidən səhnədə
26.1.2017

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında yeni quruluşda hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 3-də nümayiş olunacaq ikihissəli dramın yeni səhnə həyatı Əməkdar İncəsənət Xadimi Əli Əmirliyə məxsusdur.

Tamaşanın elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov, bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı isə Xalq Artisti Siyavuş Kərimidir. Səhnə əsərində Almaz rolunu Əməkdar Artist Məsmə Aslanqızı canlandıracaq.

Ceyran Həsənli tərəfindən idarə olunacaq tamaşada rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova və Mətləb Abdullayev ifa edeceklər.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də təqdim olunub.

azertag.az