Sinir mənşəli pozğunluq həzm sistemi orqanlarında problemlər yaradır
26.1.2017

Ali sinir fəaliyyətində olan pozğunluq, üzvi dəyişiklik və ya funksional disbalans həzm sistemi orqanlarında özünü büruzə verir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər ki, bu haqda klinikanın mətbuat xidmətinə dosent, fizioterapevt Paşa Mehdiyev açıqlama verib.

Bildirilib ki, mədə-bağırsaq sistemi xəstəlikləri içərisində ən çox yayılan mədə və onikibarmaq bağırsağın xora xəstəliyidir.

Əvvəllər əsəb sarsıntıları ilə bağlı bu xəstəliyin etologiyasında nevroloji amilin üstünlük təşkil etdiyi deyilsə də, elm inkişaf etdikcə bunun başqa səbəbləri müəyyən edilib. Xora, mədə və onikibarmaq bağırsağın xəstəliyi selikli və əzələ qişalarının zədələnməsi ilə özünü göstərir. Bu zaman xəstə pəhriz sisteminə əməl etməlidir.

Qıcıqlanmış bağırsaq sindromunun da geniş yayılmış xəstəliklər sırasında olduğunu deyən P.Mehdiyev, bu xəstəliyin də funksional pozğunluq kimi xarakterizə edildiyini və sinir mənşəli olduğunu qeyd edib.

Bu xəstəlik özünü ishal, ürəkbulanma, qusma şəklində büruzə verir ki, bu zaman əsasən sakitləşdirici dərmanlardan istifadə etmək lazımdır. Antibiotiklərdən istifadə qətiyyən tövsiyə olunmur. Xüsusilə, təbii müalicəvi üsullar - bitkilərdən istifadə, mühit dəyişikliyi, idman, üzgüçülük kimi amillər bu xəstəlikdə çox effektiv təsir göstərir.

Sinir mənşəli pozğunluğa xüsusilə öd kisəsində rast gəlindiyini deyən, fizioterapevt buna öd kisəsinin diskineziyası deyildiyini bildirib.

Bu xəstəliyin iltihab mənşəli pozğunluq olmadığını qeyd edən həkim bu zaman öd kisəsində heç bir iltihab əlamətlərinin baş vermədiyini bildirib. Qeyd olunub ki, xəstəlik zamanı sağ qabırğa altı nahiyədə diskomfort halları, öd xaric olması, ağızda acılıq, ürəkbulanma əlamətləri olur. Belə hallarda antibiotiklərdən, ödqovuculardan istifadə etmək heç bir fayda vermir, təbii vasitələrdən istifadə, iş və yuxu rejimini tənzimləmək daha məsləhətlidir.

azertag.az