Aprelin 25-də Anna Netrebko (soprano), Yusif Eyvazov (tenor) və Dmitri Xvorostovskidən (dramatik bariton) ibarət möhtəşəm trio (“Trio Magnifico”) Kanadanın Toronto şəhərində “Four Seasons” mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Bu barədə məlumat ifaçıların və “Four Seasons” mərkəzinin saytlarında yer alıb.
Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçinin haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Rusiyanın Xalq Artisti, M.Qlinka adına RSFSR Dövlət mükafatı laureatı Dmitri Xvorostovskinin karyerası Kardiff Beynəlxalq Opera Müğənniləri Müsabiqəsində qalib gələndən sonra başlanıb. O, La-Skala, Kovent Qarden, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı və digər səhnələrdə çıxış etməyə dəvət edilib.
azertag.az