Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatında aparılan genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir
27.1.2017

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir. Dövlətimizin başçısı ticarət dövriyyəsinin azalmasına baxmayaraq, toplanan gömrük rüsumlarının həcminin əvvəlki dövrə nisbətən artdığını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan gömrük sisteminin regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığını deyərək ölkəmizdə regional gömrük strukturlarının, o cümlədən tədris mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın ölkəmizə səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd etdi. Kunio Mikuriya bu sahəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizdə gömrük sahəsində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edərək Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda konfransın əhəmiyyətini vurğuladı.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

trend.az