“İçəri şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival fevralın 2-dən 9-dək Benqaluru və Maysur şəhərlərində keçiriləcək.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki, bu film bir sıra beynəlxalq festivallarda nümayiş olunub və mükafatlara layiq görülüb.
azertag.az