Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb
1.2.2017

Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb.
Bu barədə muzeyin mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda “1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri” adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlanılıb. Aparılan işlər əvvəlki illərdəki tədqiqatların davamı olub layihənin son mərhələsini təşkil edir.
Layihəyə tanınmış arxeoloqlar, Naxçıvan Bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Remi Berthon (paleontoloq) rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva (rəssam), Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları, dosent-doktor Katerina Marro (arxeoloq), fəlsəfə doktoru Nikolas Qailhard (arxeoloq) və fəlsəfə doktoru Marie Orangedir (arxeo-kimyaçı).
Tədqiqat işləri əsasən Arxeologiya fondunda mühafizə olunan I Kültəpə tapıntılarının ölçülərinin götürülməsi, qrafik və foto təsvirlərinin çəkilməsi, metal və obsidian alətlərin analizlərinin aparılmasından, eləcə də məlumatların dəqiqləşdirilməsindən ibarətdir.
Qeyd olunub ki, tədqiqatların fevralın 12-də yekunlaşması nəzərdə tutulur.

report.az