Transplantasiya Azərbaycan tibbi üçün yeni sahə deyildir. Hələ 1971-ci ildə akademik Mirməmməd Cavadzadə tərəfindən Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə böyrək köçürülməsi əməliyyatı uğurla aparılıb. Amma bəzi səbəblərə görə, milli səhiyyədə böyrək və qaraciyərin transplantasiyasında 2000-ci illərin əvvəlinə qədər müəyyən fasilə yaranıb. 2000-ci illərin əvvəlində professor Kamal Abdullayevin iştirakı ilə xarici həkimlər, xüsusən iranlı həkimlər tərəfindən bir sıra böyrək köçürülməsi əməliyyatı aparılıb. Yerli həkimlər analoji əməliyyatlara yalnız 2008-ci ildə başlayıblar. Məsələn, 2008-ci il dekabrın 12-də Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və orqan transplantasiyası” bölməsində Qafqaz, Orta Asiya və Qazaxıstanda ilk dəfə dünyada ən ağır cərrahiyyə əməliyyatlarından biri sayılan qaraciyər transplantasiyası əməliyyatı aparılıb. Həmin bölmə bir dəstə həkim Türkiyə, Yaponiya, Böyük Britaniyada müvafiq təhsil alıb vətənə qayıdandan və işə başlayandan sonra təşkil edilib. Mütəxəssislərimizin nəticələri dünya standartlarına cavab verir. Məsələn, Fransa və Almaniyadan olan professorların audit yoxlamasından sonra MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsi Qaraciyər Transplantasiyası üzrə Avropa Registrinə (European Liver Transplant Register) qəbul edilib. Bu günə qədər xəstəxanada böyrək transplantasiyası üzrə 324, qaraciyər transplantasiyası üzrə 107 əməliyyatın reallaşdırılması nailiyyətlərin məntiqi nəticəsidir.
Bu sözləri Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi söyləyib.
M.Kazımi ölü donordan orqanların transplantasiyası mövzusuna toxunaraq deyib: “1999-cu il oktyabrın 28-də “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 2000-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında transplantasiyasına icazə verilmiş orqan və ya toxumaların siyahısı tərtib edilib. Transplantasiya məsələlərində məsuliyyət birbaşa həkimlərin üzərinə düşür və buna görə də beyin ölümünün hansı mərhələsində orqanların transplantasiyasının mümkün olması məsələsi müzakirə edilməlidir. Meyitdən orqanların kəsilib götürülməsi məsələsi də təkcə bizdə deyil, bütün dünyada mübahisələr doğurur. Hazırda insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanuna dəyişikliklər edilir, axı canlı donorlardan yalnız böyrək və ya qaraciyər köçürmək olar. Özü də pasiyentlərə yalnız yaxın qohumlarının orqanları köçürülür, halbuki bütün dünyada ölən adamların orqanlarının transplantasiyası tətbiq edilir. Hazırda ölkədə kəskin orqan çatışmazlığı hiss edilir. Donorun fiziki sağlamlığı böyük əhəmiyyət daşıyır. Elə hallar olur ki, hətta ən yaxın qohumların böyrək və qaraciyəri pasiyentlərə uyğun gəlmir. Odur ki, orqan axtarışı Azərbaycan transplantologiyasının əsas problemlərindən biridir. Eyni zamanda, ölü donordan orqanların transplantasiyası mədəaltı vəzi və onun seqmentlərinin, onikibarmaq bağırsaq ilə birlikdə mədəaltı vəzinin, gözdə buynuz təbəqəsinin köçürülməsinə imkan verəcək. Bir çox məsələlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq, transplantologiya xeyli sayda sosial, psixoloji və hüquqi nüansları nəzərdə tutur”.
MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri Əlaqələndirici Şuranın fəaliyyətindən də danışaraq deyib: “İnsan orqanlarının və toxumalarının köçürülməsi məqsədi ilə respublikada səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Səhiyyə Nazirliyi yanında Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılıb. Bundan əlavə, nazirin əmri ilə Şuranın tərkibi təsdiq edilib, bir sıra mühüm tapşırıqlar verilib. Şura müntəzəm əsasda iclaslar keçirir. Sonuncu iclas dünən olub. Əməliyyata ehtiyacı olan pasiyentlərin siyahılarının tərtib edilməsi Əlaqələndirici Şuranın fəaliyyətinin əsas bəndlərindən biridir. Nazirlik Şuraya insan orqan və toxumalarının transplantasiyasının əlaqələndirilməsini, spesifik analizlərin aparılmasını, orqan köçürülməsinə ehtiyacı olan xəstələrin reyestrinin tərtib edilməsini, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında təşkilini tapşırıb. Əlaqələndirici Şura yaxın günlərdə nazirliyə transplantologiya sahəsinin təkmilləşdirilməsi, habelə donor bankının yaradılması üzrə Konsepsiya təqdim edəcək”.
M.Kazımi əhaliyə təqdim edilən tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolunu vurğulayaraq qeyd edib ki, xroniki böyrək çatışmazlığından (XBÇ) əziyyət çəkən vətəndaşlar üçün hemodializ proseduru problemi artıq həll edilib. O deyib: “Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə 3 mindən çox pasiyent hemodializ seansı qəbul edir və zəruri dərman preparatları ilə tam həcmdə pulsuz təmin olunur. Özü də 30 mərkəz regionlarda fəaliyyət göstərir. XBÇ-dən əziyyət çəkən pasiyentlərin çoxu hemodializ prosedurlarını yaşayış yerində qəbul edir. 2016-cı ildə Ağsu, Biləsuvar, Qusar və Göygöl rayonlarında yeni hemodializ bölmələri açılıb. Bundan əlavə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı layihələri uğurla həyata keçirilir. Məsələn, dövlət proqramlarının icrası ilə əlaqədar olaraq, 2016-cı ildə 38 xəstəyə dövlət hesabına böyrək köçürülüb. Səhiyyə Nazirliyi onları immunodepressant və digər dərmanlarla təmin edir. Bundan əlavə, nazirliyin layihələri çərçivəsində MNX mütəxəssislərindən ibarət briqada Cəlilabad, Şamaxı, Qəbələ, Quba, Şirvan və Naxçıvanın əsaslı təmir edilmiş və müasir tibbi standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərində böyrək transplantasiyası üzrə silsilə əməliyyatlar aparıb. Eyni zamanda, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tarixində ilk dəfə MNX briqadası tərəfindən böyrək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Regional həkimlər müntəzəm əsasda xəstəxanamızda ixtisasartırma kursları keçir, habelə cərrahiyyə əməliyyatlarında bilavasitə iştirak ediblər”.
Sonda M.Kazımi Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunaraq deyib: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlaxda İTS üzrə təcrübi layihə həyata keçirib. Agentlik icbari tibbi sığortanın baza paketini hazırlayaraq, Nazirlər Kabinetinə təqdim edib. Baza paketinə müayinə, müalicə, diaqnostika prosedurları və cərrahiyyə əməliyyatları üzrə 1800-dən çox tibbi xidmət daxil edilib. Ancaq dövlət proqramları çərçivəsində müalicə olunan bir sıra xəstəliklər icbari tibbi sığortanın paketinə daxil deyildir. İstərdik ki, gələcəkdə transplantasiya əməliyyatları da İTS-yə daxil edilsin”.
azertag.az