Ümumdünya Xərçəng Günü ilə bağlı keçiriləcək tədbirdə vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılacaq
2.2.2017

Hər il olduğu kimi, bu ildə də Milli Onkologiya Mərkəzi tərəfindən Ümumdünya Xərçəng Günü ilə bağlı Bakıda və regionlarda xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əhalinin məlumatlılığının artırılması məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən bildiriblər ki, bu məqsədlə fevralın 4-də paytaxtın “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində keçiriləcək tədbirlərdə xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar veriləcək, bukletlər paylanacaq. Tədbir zamanı təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcək.

Qeyd edək ki, Ümumdünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

azertag.az