“Yeddi gözəl” poemasının qəhrəmanlarının geyimləri təqdim olunub
6.2.2017

Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Gənclər Günü qeyd olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib olmuş “Yeddi gözəl” poemasının qəhrəmanlarının - 7 fərqli ölkəyə məxsus gözəllərin, eyni zamanda Nizami Gəncəvi, Bəhram Gur Şah və Fitnənin geyimləri təqdim olunub. Libaslar “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində ərsəyə gəlib.

Tədbirdə mərkəzin direktoru Ramin Cəfərov qonaqları salamlayaraq Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Layihənin rəhbəri və libasların müəllifi, dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova “Yeddi gözəl” layihəsi ilə bağlı qonaqlara ətraflı məlumat verib.

Sonda Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, keçirilən tədbirdən dərin məmnunluq hissi duyduğunu vurğulayıb. Gənclər Günü münasibətilə gəncləri təbrik edərək ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə fevralın 2-nin ölkəmizdə Gənclər Günü elan edilməsinin bu qayğının bariz nümunəsi olduğunu bildirib.

azertag.az