Bu gün uşaqlar arasında daha çox allergik dermatitlərə (ekzema) və sadə dəmrovlara (övrə) rast gəlinir.
Bunu dermatoveneroloq Sevinc Kərimova bildirib.
Həmin xəstəliklərin səbəbini əsasən, qida ilə izah edən həkim qeyd edib ki, yetkinlik dövründən sonra uşaqlarda daha çox rast gəlinən dəri xəstəlikləri dəyişir:
"Müraciətlər daha çox ekzema və övrə ilə bağlı olur. Göbələk xəstəliklərinə isə uşaqlarda az rast gəlinir. Yetkinlik dövründə isə - dərinin Ph-nı dəyişməsi ərəfəsində göbələk və digər yoxucu xəstəliklərə rast gəlinir”.
S.Kərimova məktəblilərin istifadə etdikləri təbaşirlərin onların dərisi üçün hansısa problem yarada bilməsinin mümkünlüyünü də açıqlayıb. Onun sözlərinə görə, təbaşirdən istifadə uşağın dərisində çox da böyük problemlər yaratmır. Amma təbaşir allergiyadan – bronxial astma, allergik renit, konyuktivit, allergik dermatitlər, övrədən əziyyət çəkən uşaqlara müəyyən qədər qıcıq verə bilər:
“Yazı lövhəsindəki təbaşiri sildikdə onun tozu allergik renit, daha çox isə bronxial astması olan uşaqlara qıcıqlandırıcı təsir göstərə bilər. Bu, onların xəstəliyini kəskinləşdirə bilər”.
S.Kərimova deyib ki, avitaminozlu, quru, immuniteti zəif olan dərilərdə, ekzema kimi xəstəliklər və müəyyən allergiya mənşəli dermatozlar zamanı təbaşir dəriyə təsir göstərə bilər:
“Ümumilikdə isə məktəblərdə istifadə olunan təbaşiri yüksək allergen kimi qəbul etmirik. Təbaşirlə təmasda olan zaman hansısa böyük problemin yaranması kimi hallara çox az rast gəlinir. Amma ümumilikdə uşağın əlində allergik dermatit, ekzema kimi xəstəliklər varsa, onda təbaşir həm allergen olaraq ona qıcıq verə, həm də dəridə qurutma, qabıqlama törədə bilər. Bu zaman tövsiyə olunur ki, uşaqlar birbaşa təbaşrilə təmasda olmasınlar, onu kağıza bükdükdən sonra əllərinə götürsünlər”.
Böyüklər arasında müşahidə edilən dəri xəstəlikləri barəsində danışan S.Kərimova bildirib ki, bu gün yetkin insanlarda daha çox allergik övrə və göbələk xəstəliklərinə rast gəlinir:
“Ən çox müraciətlər “akne vulqaris", yəni üzdə irinli sızanaqlara görədir. “Akne vulqaris” yağlı dərinin problemidir. Yağlı seboriyalı dermatit olan dəridə buna daha çox meyillilik olur. Eyni zamanda, bizi əhatə edən tozlar, qəbul etdiyimiz qidalar, maddələr mübadiləsinin pozulması “akne vulqaris”in yaranmasında rol oynayır. Adətən, yeniyetməlik, gənclik dövründə dərinin Ph-ı dəyişdiyindən dərinin yağlanması daha da artır. Bu xəstəliyə daha çox 17-18 yaşlı gənclərdə təsadüf edilir".
S.Kərimova bildirib ki, hazırda gənclərin daha çox yedikləri “fast-food”lar onlada dərinin yağlanmasına səbəb olur və bu da dəriyə infeksiyanın düşməsi üçün əlverişli şərait yaradır.
trend