Ötən il Qax rayonunda aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artaraq, 44 milyon 371 min manat olub. Keçən il rayonun tarixində rekord miqdarda – 36,4 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 7,8 min ton artıb. Hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib, 331 hektar sahədə tütün əkilib, 3 min 230 ton yaşıl tütün yarpağı tədarük olunub. Kümdarlar 3 ton 884 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək “Şəki-İpək” ASC-ə təhvil veriblər. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə rayon ərazisində 55 mindən çox tut tingi əkilib.
Bu barədə fevralın 8-də Qaxda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2016-cı il, ümumilikdə, rayonun iqtisadiyyatı üçün uğurlu olub. Ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 20,9 faiz artaraq, 109 milyon 886 min manata çatıb. Hesabat dövründə 20 milyon 356 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 2,9 dəfə çoxdur. Rayonda 547 yeni iş yeri açılıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 62 layihə üzrə 550 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yeri yaradılıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə ötən ilin payız mövsümündə rayon ərazisində 1275 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək.
Bildirilib ki, 2016-cı ildə rayonda 11 milyon 268 min manatlıq tikinti, təmir və abadlıq işləri görülüb. Hesabat dövründə Qax şəhərində 100 yerlik və Ağçay kəndində bir qruplu uşaq bağçaları, rayon mərkəzində və kəndlərdə Qarabağ müharibəsi əlilləri üçün 3 fərdi ev, rayon kənd təsərrüfatı idarəsi üçün inzibati bina tikilib istifadəyə verilib. Qax şəhərində 180 yerlik daha bir uşaq bağçasının tikintisi başa çatdırılıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Hesabat dövründə Qax şəhərinin girişində Dövlət Bayrağı Meydanının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin yeni inzibati binasının tikintisi işləri davam etdirilib.
Məruzədə, həmçinin 2016-cı ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər təhlil edilib. Bildirilib ki, hesabat dövründə rayonun iki kəndinə təbii qaz verilib, bu kəndlərdə 740 mənzil təbii qazla təmin olunub. Hazırda rayon üzrə 15592 ev təsərrüfatından 9629-u təbii qazdan istifadə edir. Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində 8 yeni transformator yarımstansiyası quraşdırılıb, 140 transformator yarımstansiyası təmir olunub. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə yaşayış məntəqələrində 12 yeni artezian və subartezian quyusu qazılıb, 13 kənddə modul tipli su təmizləyici qurğu quraşdırılıb.
Qeyd olunub ki, 2016-cı ildə rayona gələn turistlərin sayı əvvəlki illə müqayisədə 5 min nəfərə yaxın artaraq 29 min nəfərə çatıb.
Yığıncaqda Milli Məclisin deputatı Azər Kərimli və Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2016-cı ildə respublikamızda sosial-iqtisadi sahədə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrdən bəhs ediblər.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
azertag.az