Fevralın 24-də Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinin iştirakı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq.
Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş ediləcək.
Fevralın 26-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Tamaşanın təqdimatından əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad edəcəklər.
“Arzu və Murad” tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev və İlham Əsədov canlandıracaqlar.
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.
azertag.az