Tanınmış musiqişünas pedaqoq Natiq Vəliyevin xatirəsi anılıb
10.2.2017

Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək unudulmaz musiqişünas pedaqoqun həyat və yaradıcılığından danışıb.

Vurğulanıb ki, N.Vəliyev musiqi sənətinə töhfələr verməklə yanaşı, hər zaman yeni-yeni yaradıcılıq axtarışlarında olub, öz pedaqoji fəaliyyəti ilə bir sıra nailiyyətlərə imza atıb. Musiqişünasın maarifçilik və təşkilatçılıq istedadından söz açan F.Əlizadə qeyd edib ki, o, yenilikçi iş üslubu ilə örnək olan sənətkarlarımızdan idi. Rəhbərlik etdiyi 22 nömrəli musiqi məktəbində tez-tez bəstəkar və musiqişünas həmkarlarının görüşlərini təşkil edirdi.

Diqqətə çatdırılıb ki, N.Vəliyevin uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının hazırlanmasında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını söyləyən natiq N.Vəliyevin yaradıcılıq yolunun gələcək nəsillərə örnək olacağını bildirib.

Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və Kamilə Dadaşzadə çıxış edərək unudulmaz pedaqoqun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərinə müraciət olunub.

azertag.az