Fevralın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçiriləcək.
İdarədən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.
Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə və Məktəb-Lisey Kompleksində keçiriləcək şəhər mərhələsində Bakı şəhərinin 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 176 şagirdin iştirakı nəzərdə tutulub.
Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə 12 açıq sual veriləcək. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazacaqlar.
Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
trend.az