Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli may ayında ABŞ-da konsert proqramları ilə çıxış edəcək.
Tanınmış cazmenin saytına istinadla bildirilir ki, Şahin Növrəsli mayın 13-də Pitsburqun “Manchester Craftsman Guild” məkanında, mayın 15-də isə Vaşinqtondakı “Blues Alley” klubunda konsert proqramları ilə çıxış edəcək.
Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” adlı yeni albomu tezliklə təqdim ediləcək.
azertag.az