Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli mayın 20-də Parisdə 17-ci Sen-Jermen-de-Pre Caz Festivalında (Jazz Festival A Saint Germain Des Pres) konsert proqramı ilə çıxış edəcək.
Bu barədə məlumat Şahin Növrəslinin saytında yer alıb. Builki festival mayın 11-dən 22-dək davam edəcək.
Festivalın saytında iştirakçılar haqqında fotoinformasiya verilib: http://festivaljazzsaintgermainparis.com/home/. Proqram tam şəkildə aprel ayında festivalın saytında yerləşdiriləcək.
Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” albomu da tezliklə təqdim ediləcək.
azertag.az