Xalq Artisti Azər Zeynalov Belarus teatrında çıxış edəcək
13.2.2017

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti, professor Azər Zeynalov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, A.Zeynalov italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasında əsas partiyalardan biri - Kanio partiyasını ifa edəcək.

Milli vokal sənətimizin istedadlı nümayəndələrindən biri olan Xalq Artisti 20 ildən artıqdır ki, Opera və Balet teatrının səhnəsində çıxış edir. O, milli və klassik opera tamaşalarında bir çox parlaq obrazlar (Balaş, Əsgər, Məşədi İbad, Xasay bəy, Alfred, Kanio, Kavaradossi və digər) yaradıb. Kanio obrazı onun çox sevdiyi və böyük ustalıqla ifa etdiyi vokal obrazlardandır.

azertag.az