Milli İnternet Mükafatına start verilir
17.9.2012

Sentyabrın 20-də Milli İnternet Mükafatına - Milli Net 2012-yə start verilir. Builki Milli Net 2012 müsabiqəsinin qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, ötən ildən fərqli olaraq 2 yeni nominasiya əlavə olunaraq, nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb.

Yarışmanın bu nominasiyalar üzrə keçirilməsi nəzərdə tutulub:

Korporativ saytlar; İctimai-sosial saytlar; Media və İnformasiya; Mədəniyyət, incəsənət və turizm saytları; Ailə, uşaq və sağlamlıq; Asudə vaxt, idman və əyləncə; Bloqlar;Elm və təhsil; Dövlət və bələdiyyə saytları; Xidmət (Servis); İstifadəçi kontenti üzərində qurulmuş saytlar; Ən yaxşı sosial şəbəkə; StartUp 2012.

Qeyd edək ki, “Ən yaxşı sosial şəbəkə” nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini aktiv formada Facebook səhifəsi üzərindən həyata keçirən qurumlar bu sosial şəbəkəsindəki səhifələrini təqdim edə bilərlər. Bu nominasiyanın qaliblərinə SAZZ şirkətinin xüsusi mükafatları təqdim olunacaq.

Azərbaycan İnternetində yeni saytların yaranmasını stimullaşdırmaq üçün StartUp 2012 nominasiyası əlavə olunub ki, bu nominasiya üzrə yalnız 2012-ci ildə fəaliyyətə başlayan İnternet layihələri və saytlar yarışmaya qəbul ediləcək.

Qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Münsiflər heyətinin tərkibi isə yeniləşdirilib.

Onu da qeyd edək ki, münsiflərə hər hansısa aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflərin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanır. Həmçinin www.millinet.az saytında yerləşdirilir.

Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.

Məlumat üçün bildirək ki, qeydiyyat prosesi noyabrın sonunda başa çatır. Səsvermə prosesi isə dekabrın 15-dək davam edəcək.

İlin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Müsabiqədə 13 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

Müsabiqənin keçirilməsində isə əsas məqsəd ölkədə İKT sektorunun, xüsusilə də internetin inkişafına kömək etməkdir. Bununla yanaşı ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdir.

Qeyd edək ki, müsabiqənin baş sponsoru “Azercell” şirkətidir. Həmçinin RİTN, “Delta Telekom” və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.


Gün.Az