Bilik Fondu uşaqlara və gənclərə kitab hədiyyə edib
15.2.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama günü (İnternational Book Giving Day) münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirib. Bu məqsədilə “İmzalı görüş” layihəsi çərçivəsində növbəti tədbir Pirşağıda yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbində keçirilib.

Bu barədə Fondun İnformasiya təminatı sektorundan məlumat verilib.

Yazar Mehriban Nağıyeva ilə görüşdə məktəbin müəllim və şagird kollektivinin bir qrupu ilə yanaşı, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov da iştirak ediblər.

Məktəbinin direktoru Fiqurə Rüstəmova Bilik Fondunun belə maarifləndirici layihələrini alqışladığını bildirərək, uşaqların yazarlarla görüşünün onların həyatında iz buraxacağını vurğulayıb.
Yazar məktəblilərə maraqlı şeirlər və nağıllar oxuyub, onların suallarını cavablandırıb. Məktəblilər də öz yazdıqları şeirləri söyləyiblər. Səmimi atmosferdə keçən görüşdə Bilik Fondunun əməkdaşları Xocalı məktəblilərinə kitablar hədiyyə ediblər.

Daha bir “İmzalı görüş” Nizami rayonu 1 nömrəli Uşaq Evində yazar Sevinc Nuruqızı ilə keçirilib.
Tədbirdə yazarın maraqlı şeir və nağılları səsləndirilib. S.Nuruqızı balaca oxuculara mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. Sonra uşaq evinin sakinlərinə kitablar hədiyyə edilib.

Nardaran Bilik evində Fondun əməkdaşları Ceyhun Musaoğlu və Aynur Seyidova yeniyetmə və gənclərlə görüşərək onlara kitabların faydasından bəhs ediblər. Bildirilib ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyata obyektiv baxışın formalaşmasına kömək edir. Tədbir iştirakçılarına müxtəlif kitablar hədiyyə edilib.

Oğuz Bilik evində də Beynəlxalq Kitab Bağışlama günü münasibətilə tədbir keçirilib. Bilik evinin direktoru Anar Məcidov mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları barədə geniş məlumat verib. O deyib ki, bu funksiyalar insanın məktəbə getdiyi ilk dövrdən ömrünün sonuna qədər intellektual fəaliyyətində ifadə olunur. Gənclər kitabların onların həyatında rolundan bəhs ediblər.
Tədbirdə gənclərə kitablar hədiyyə edilib.

Bilik Fondu fəaliyyətə başladığı gündən mütəmadi olaraq, müxtəlif tədris ocaqlarına, hərbi hissələrə, məscidlərə, uşaq evlərinə, eləcə də Bilgəhdəki Əmək və Müharibə Veteranlarının Pansionatına, Ramanadakı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzinə, SOS Uşaq kəndinə bədii və elmi ədəbiyyat hədiyyə edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirir. Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər.

trend