Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq festivala dəvət olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, söhbət Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Hər il bir sıra ölkələrin nüfuzlu teatrlarının iştirak etdiyi bu festival mayın 2-dən 15-dək Trabzon şəhərində keçiriləcək. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.
“18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Söhbət Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Moldova, Çin, Sloveniya, Makedoniya, Serbiya və digər ölkələrin teatrlarının qatıldığı nüfuzlu bir festivaldan gedir. Xalqlar, millətlər, dövlətlər arasında sülh, dostluq və qardaşlığın təbliği məqsədilə keçirilən festival zəngin proqrama malikdir. Belə ki, festival çərçivəsində müxtəlif tədbirlər – həmrəyliyin nümayişi olaraq iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil edilir. Azərbaycanı bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur. İnanıram ki, 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalında ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
azertag.az